Rəqəmli TV – TV proqramların rəqəmli formatda hazırlanaraq yayımlanmasıdır. Rəqəmli TV yayımının ötürülmə üsulundan asılı olaraq  müxtəlif növləri mövcuddur. Bunlara yerüstü (DVB-T), peyk (DVB-S) və kabel (DVB-C) yayımı aiddir.  DVB-T rəqəmli TV yayımı vasitəsilə proqramların qəbulu üçün analoq TV qəbulunda istifadə olunan anten sistemindən istifadə olunur. Cenevrə-2006 Regional Sazişinə əsasən Sazişə daxil olan ölkələr arasında DVB-T rəqəmli TV proqramların yayımı üçün VHF və UHF tezlik kanalları  ayrılmışdır. Bu sazişə əsasən 2015-ci ilə qədər üzv ölkələr tərəfindən rəqəmli yayıma tam keçilməklə, analoq TV yayım dayandırılmalı idi.

Rəqəmli TV yayımının analoq TV-dan ən əsas üstünlüyü bir tezlik kanalında 10 və daha çox TV proqramın yüksək keyfiyyətlə yayım imkanlarının olmasıdır ki, bu da ölkənin istənilən ərazisində paytaxtda yayımlanan TV proqramların yüksək keyfiyyətlə qəbul olunmasına imkan yaradır.  Bununla belə, rəqəmli TV yayımı ilə TV proqramların ötürülməsi ilə yanaşı müxtəlif xidmətlərin də tətbiqi mümkün olur. Belə ki, ötürülən TV proqramın müxtəlif dillərdə eyni vaxtda ötürülməsi, müxtəlif əlavə data məlumatlarının yerləşdirilməsi, həftəlik proqram, film və verilişlərin anonsların verilməsi  və s. üstün xüsusiyyətlərini göstərmək olar.

DVB-T standartlı rəqəmli televiziya yayımının digər üstünlükləri aşağıdakılardır:

– Təsvir və səs siqnallarının ötürülmə və qəbul keyfiyyəti yüksəlir. (ötürülmədə kənar maneələr hiss olunmur, informasiyaların saxlanılmasında itki olmur və s.)
– Proqramların sayının xeyli artırılması imkanı.
– Vericilərin gücünün daha aşağı olması.
– Mobil və portativ qəbuledicilərlə qəbul imkanı.
– Tezlik spektrindən effektiv istifadə (1 TV kanalında 10-12 TV proqram).
– Birtezlikli yayımın tətbiq edilmə imkanı.
– Lokal TV proqramlarının təşkilinin mümkünlüyü
– TV proqramları ilə yanaşı əlavə xidmətlər üzrə məlumatların ötürülmə imkanı (hava haqqında, nəqliyyatın hərəkət cədvəli, reklamlar və s.)
– Rəqəmli TV yayım şəbəkəsinin interaktivlik imkanı, İnternetlə bağlantı, abunəçi girişi üçün kodlama sisteminin imkanlılığı.
– Yayımın kənar maneələrə qarşı davamlı olması, digər rabitə vasitələri tərəfindən yaradılan maneələrin minimum olması.
– Yerüstü TV yayımın təşkili üçün mövcud infrastrukturdan (TV stansiyalardan, qəbuledici antenalardan, abunəçi avadanlığından və s.) istifadə imkanı.
– Yayım konfiqurasiyasının operativ dəyişdirilmə imkanı (FEC, Müdafiə zolağı, 8k və 2k rejimləri və s.)
– Bu və ya digər tədbirlərin köməyi ilə ötürülən informasiya 3 dəfədən 100 dəfəyədək sıxlaşdırıla bilir.

Qeyd edirik ki, DVB-T/T2 standartlı rəqəmli televiziya siqnallarının daha keyfiyyətli qəbulu üçün “Leninqrad” və “Euromed” tipli qəbuledici antenlərdən istifadə edilməsi tövsiyə olunur.