Seçilməsi və quraşdırılması

Rəqəmli DVB-T TV qəbuledici və çevirici qurğular Azərbaycan respublikası tərəfindən qəbul olunmuş standart və bu standarta uyğun minimal texniki tələblərə uyğun olmalıdır!

Rəqəmli DVB-T TV-ni qəbul edən qurğuları aşağıdakı növlərə bölünür:

1)   Rəqəmli çevirici qurğular və ya rəqəmli “set-top-box”-lar

Rəqəmli TV-ni qəbul etmək üçün ən geniş yayılmış və qiyməti daha münasib olan sadə qurğulardır. Bu qurğular özünün xarici görünüşünə görə əsasən, kiçik videomaqnitafonu və ya DVD-yə bənzəyir. Bu qurğu adi analoq TV-də istifadə edilən qəbul anteninə və SCART, RGB və ya HDMİ tipli girişlər vasitəsilə televizora qoşulur. Kanalların dəyişdirilməsi və s. funksiyalar həmin qurğunun pultu vasitəsilə həyata keçirilir.

2)   Müxtəlif funksiyalı və CAM modullu rəqəmli çevirici qurğular

Bu rəqəmli çevirici qurğular 1-ci bənddə qeyd olunan qurğulardan əlavə funksiyalara malik olması ilə fərqlənir. Bu çevirici qurğularda proqramların yazılması üçün sərt disk və qapalı (ödənişli) kanallara baxmaq imkanı verən CAM modula malik olunurlar.

3)   Rəqəmli TV qəbulediciyə malik televizorlar

Bu televizorlar həm analoq həm də rəqəmli TV kanalların qəbuluna imkan verir. Bununla belə istifadə baxımından da daha əlverişli hesab edilir. Belə ki, hər hansı əlavə kabellərdən və pultdan istifadə edilməsinə ehtiyac olmur. Bu televizorlarda təsvirin keyfiyyəti adi çevirici qurğulardan yüksək olur. Bununla belə son istehsal olunan bu tip televizorlarda qapalı (ödənişli) TV proqramlara baxmaq üçün CAM modula da malik olurlar. Hazırda əksər televizor istehsalçıları belə televizorların istehsalını həyata keçirirlər və şəhərimizin mağazalarından belə televizorları almaq olar.

4)   Kompüterlərə qoşulan və xüsusui proqram təminatı ilə işləyən müxtəlif əlavə modullar (USB, PCİ, PCİe və ya PCMCİ)

Bu qurğular vasitəsilə kompüterdə DVB-T TV-ni izləmək və ya kompüteri televizora birləşdirməklə televizorun ekranında TV proqramlara baxmaq olar. Bu qurğuların istifadəsi üçün kompüter biliklərinə sahib olmaq lazımdır.

Respublika ərazisində rəqəmli DVB-T TV proqramlarının keyfiyyətli qəbulunun təmin edilməsi və  Azərbaycanda qəbul olunmuş rəqəmli standarta (DVB-T MPEG-4) uyğun olması üçün  çevirici qurğular RİTN tərəfindən test olunaraq müvafiq sertifikatla təmin edilir.   Həmin çevirici qurğuları alarkən RİTN-nin sertifikatının olmasını müəyyənləşdirmək zəruri hesab olunur. RİTN-nin sertifikatı olmayan çevirici qurğular vasitəsilə açıq TV proqramların qəbul edilməməsinə və ya keyfiyyətsiz qəbul edilməsinə RİTN təminat vermir.

Çevirici qurğuları necə seçməli?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-ci il 13 sentyabr tarixli 274s nömrəli sərəncamına uyğun olaraq respublikada rəqəmli televiziya yayımı üçün DVB-T Avropa standartı qəbul edilmişdir. Nazirlər Kabinetinin 26 saylı qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası ərazisində DVB-T rəqəmli televiziya yayım sisteminin tətbiqi və inkişafı Proqramı”na uyğun olaraq TV proqramların sıxlaşdırma metodu kimi MPEG-4 qəbul edilmişdir.

Qeyd olunanlar nəzərə alınaraq, ölkə ərazisində DVB-T rəqəmli TV yayım şəbəkəsi DVB-T MPEG-4 standartına uyğun qurulmuşdur. Ona görə də rəqəmli çevirici qurğuların və ya çevirici qurğulu televizorların alınması zamanı onların DVB-T MPEG-4 standartını dəstəklənməsi dəqiqləşdirilməlidir. Bununla belə, əgər siz gələcəkdə tətbiq oluna biləcək qapalı (ödənişli) kanallara baxmaq istəyirsinizsə onda həmin qəbul edici və ya  çevirici qurğuların CAM modul yuvasına malik olmasına diqqət yetirmək lazımdır.

Hansı çevirici qurğuları DVB-T TV qəbulu üçün almaq olmaz? 

Bu əsasən internet mağazalardan və xarici ölkələrdən çevirici qurğuları almaq istəyənləri daha çox aiddir. Belə ki, bu üsulla alınan çevirici qurğuların və ya televizorların həqiqətən ölkə ərazisində istifadəsinin mümkünlüyünə əmin olmaq lazımdır.

Azərbaycan Respublikası ərazisində DVB-T TV qəbulu üçün aşağıda qeyd olunan çevirici qurğu və televizorlardan istifadə etmək mümkün deyil:

–         DVB-C qəbul ediciləri (bu kabel şəbəkəsi üçün nəzərdə tutulub)

–         DVB-S qəbul ediciləri (bu peyk şəbəkəsi üçün nəzərdə tutulub)

–         İP-TV qəbulediciləri

–         MPEG-2 videokodlamasini nəzərdə tutan DVB-T qəbulediciləri 

Rəqəmli TV qəbulu üçün çevirici qurğuların quraşdırılması

Rəqəmli TV qəbulu üçün çevirici qurğular aşağıda qeyd olunan sxemə uyğun quraşdırılmalıdır.

 

Rəqəmli TV qəbulu üçün antenalar və onların quraşdırılması

Rəqəmli TV proqramların qəbulu antenin düzgün seçilməsi və yerləşdirilməsindən asılıdır. Analoq TV-də antenin düzgün seçilməməsi və ya düzgün istiqamətləndirilməməsi zamanı TV proqramlara keyfiyyəsiz baxmaq mümkün olduğu halda,  rəqəmli TV-də antenin seçilməsi və yerləşməsindən asılı olaraq  TV siqnalın qəbul olunmuş normadan aşağı olduğu halda proqrama baxmaq mümkün olmayacaqdır.

Ona görə də, antenin seçilməsi və yerləşdirilməsi zamanı mütəxəssisin məsləhətindən istifadə edilməlidir.

Televiziya siqnalları işıq kimi qüllədən düzxəttli yayımlanır və yer səthi üzrə əyilmə xüsusiyyətinə malik olmur. Ona görə də, TV qüllə nə qədər hündür olarsa, TV yayımın əhatə zonası da bir o qədər geniş olar. Bununla belə, TV siqnalların yayılması müxtəlif tikililərdən, relyefdən, landşaftdan və vericinin gücündən və anten sisteminin konfiqurasiyasından asılı olur. Azərbaycan Respublikası ərazisində rəqəmli TV yayımın əhatə zonası əlavə 2-də xəritə üzərində göstərilmişdir. Hər bir yaşayış məntəqəsində rəqəmli TV-nin qəbulu üçün antenin həmin yaşayış məntəqəsini əhatə edən TV stansiyanın əhatə zonasına uyğun yerləşdirmək lazımdır (cədvələ bax). Əgər yaşayış məntəqəsi TV qüllədən nisbətən uzaq məsafədə yerləşirsə, bu halda gücləndiricili qəbul antenlərindən istifadə etmək lazımdır. RİTN tərəfindən tövsiyyə olunan qəbuledici antenlər haqda məlumat.  Müasir gücləndiricili antenlər siqnalın 17-18 desibel (dB) güclənməsini təmin edir. Modelindən asılı olaraq çevirici/qəbuledici qurğularda giriş siqnalının minimal səviyyəsi 30dBmkV olmalıdır. Təcrübəyə əsaslanaraq qeyd etmək olar ki, çevirici qurğuda siqnalın səviyyəsinin 100% əldə olunması üçün giriş siqnalı 35-50 dBmkV olmalıdır. Güc səviyyəsinin 50% olması isə giriş siqnalının 30-35 dBmkV olmasına uyğundur. Lakin, bu göstəricilər müxtəlif qəbuledicilərdə müxtəlif ola bilər. Bir sözlə, əgər, TV siqnalın səviyyəsi normadan aşağıdırsa, ekranda təsvirin donması, kavadratların yaranması və tədricən təsvirin itməsinə səbəb olacaqdır.

Antenanın seçilməsi

Anten sistemi  havada elektromaqnit dalğalarını qəbul edərək onların kabel vasitəsilə ötürülməsini təmin edir. Antenin güclənməsi onun elemenlərinin sayından asılı olur. Elementlərin sayı nə qədər çox olarsa, antenin güclənməsi də bir o qədər böyük olur. Bununla belə, antenin güclənməsi üçün xüsusi radiotexniki sxemlər də tətbiq edilir.

Genevrə-06 Regional sazişinə əsasən rəqəmli yayımı üçün metrlik (VHF) 174-230 Mhs (6-12-ci TVK) və  desimetrlik (UHF) 470-862Mhs (21-69Mhs) tezlik diapazonları ayrılmışdır.

Respublikamızda rəqəmli TV yayımı üçün əsasən 470-790Mhs (UHF) (21-60 TVK) tezlik diapazonundan istifadə edilir.  Anten seçilərkən bu məlumat nəzərə alınmalıdır.

Qəbulda yaranan çətinliklər və onların aradan qaldırılması

Qəbulda çətinliklərin yaranmaması üçün ilk növbədə RİTN-in sertifikatı olan qəbuledici/çevirici avadanlıqlardan və anten sistemlərindən istifadə edilməlidir.

Rəqəmli TV siqnalının gücünə hava şəraiti və ilin fəsillərinin dəyişməsi təsir edə bilir.

Siqnalın gücünün azalmasına aşağıdakı amillər təsir edir:

–         yağış və ya qar

–         qarın əriməsi

–         yarpaq tökümü

–         qarla örtülmüş və ya yaş ağaclar

–         duman və s.

Siqnal səviyyəsi minimuma yaxın olan ərazilərdə sutka ərzində rəqəmli TV siqnalının gücü dəyişə bilər. Yəni günün müxtəlif saatlarında təsvirin qəbulunda maneələr ola bilər. Hətta havanın temperaturunun sərt dəyişməsi və digər hava şəraiti siqnalın yayımına təsir edir.  Yay fəslində meşə zonalarına yaxın yaşayış məntəqələrində siqnalın qəbul səviyyəsi qış fəslinə nisbətən 3-4 dB (təxminən 30%)  aşağı olur. Bunun da əsas səbəbi yay fəslində TV siqnalın  gücünün müəyyən bir hissəsinin ağacların yarpaqlarında udulmasıdır. Bəzi hallarda isə landşaft və ya hündürmərtəbəli binalardan TV siqnalların əks olunması qəbulda siqnalın gücünün artmasına səbəb olur ki, bu da analoqdan fərqli olaraq, TV proqramın keyfiyyətli qəbuluna gətirib çıxarır. Bu halda qəbul antenini əks olunan siqnallar istiqamətinə yönləndirmək lazımdır. Bir qayda olaraq, əgər, yaxınlıqda kiçik güclü verici yoxdursa, qəbuledici anten güclü TV verici olan teleqülləyə yönləndirilməlidir (cədvələ bax) (Məsələn, Bakı şəhərinin Hövsan, Qaraçuxur və ətraf ərazilərinin müxtəlif yerlərində  DVB-T TV siqnalı  Teleqüllədən deyil yeni Günəşli qəsəbəsində quraşdırılmış TV stansiyadan qəbul edilir). Hər bir halda TV siqnalların normal qəbulu üçün qəbul anteni müxtəlif istiqamətlərə firladılmaqla və ekran üzərində siqnal gücünün səviyyəsinin maksimum halı üçün (pultda info və ya digər uyğun düymə basılmaqla) antenin optimal yerləşməsini müəyyən etmək olar.