Digər ölkələrdə olduğu kimi, Azərbaycan respublikasının ərazisində də rəqəmli televiziya yayımının tətbiqi istiqamətində hazırda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən müvafiq tədbirlər görülməkdədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 274s saylı 13.09.2006-cı il tarixli sərəncamına əsasən, respublika ərazisində rəqəmli televiziya yayımı üçün DVB-T Avropa standartının tətbiqi məqsədəuyğun hesab edilmişdir.  Nazirlər Kabinetinin 26 saylı 10 fevral 2011-ci il tarixli qərarı ilə “Azərbaycan  Respublikası ərazisində DVB-T rəqəmli televiziya yayımı sisteminin tətbiqi və inkişafı Proqramı” təsdiq edilmişdir.

Azərbaycanda ilk dəfə rəqəmli TV verici Bakı şəhərində 2004-cu ildə quraşdırılmışdır. O vaxt bu  verici vasitəsilə MPEG-2 standartında 4 TV proqramın yayımı test edilirdi. 2008-ci ildə isə Bakı şəhərində MPEG-4 standartlı TV yayımın test işlərinə başlandı. Artıq, 2009-cu ildə Bakı şəhəri və ətraf ərazilərdə MPEG-4 standartla 12 TV proqramın yayımı həyata keçirilməyə başladı. Həmin il artıq, əhalinin 35%-i rəqəmli TV-ni qəbul etmək imkanına malik oldu. 2010-cu ildə ölkə ərazisində rəqəmli TV yayım şəbəkəsi genişləndirilərək Bakı şəhəri ilə yanaşı Gəncə, Şirvan və respublikanın cənub bölgəsində yayıma başlanıldı ki, bu da ölkə əhalisinin 55%-nin rəqəmli TV ilə əhatə edilməsini təmin etdi. 2011-ci ildə isə qarşıya qoyulan əsas məsələ ilin sonuna kimi  ölkə əhalisinin 85%-nin açıq yayımlanan paketlə təmin edilməsi idi ki, bu məqsədlə, respublikanın əlavə olaraq 28 TV stansiyasında müxtəlif güclü TV vericilər quraşdırılmışdır.
Azərbaycan Respublikası Prezidentinin 20 sentyabr 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 5.1.7-ci bəndinə əsasən, Bakı və Abşeron yarımadasında yerüstü yayımlanan ümumölkə TV proqramlarının analoq yayımının 01 noyabr 2016-cı il tarixdən, respublikanın digər bölgələrində yayımlanan TV proqramlarının yerüstü analoq yayımının 01 dekabr 2016-cı il tarixdən etibarən dayandırılması barədə Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası tərəfindən 27 sentyabr 2016-cı il tarixli, 10 saylı qərar çıxarılmış və icra edilmişdir. Bununla da, ölkə ərazisində analoq TV yayım dayandırılmaqla, DVB-T standartlı rəqəmli TV yayıma keçid tam başa çatdırılmışdır.
Hazırda, ölkə əhalisinin  təxminən 99,7%-i açıq paketli 10 – 12 TV proqramdan ibarət ( AzTV, İTV, İdman Azərbaycan TV, Mədəniyyət TV, Lider TV, ATV, Space TV, Xəzər TV, ARB TV və CBC sport TV) rəqəmli yayımla əhatə edilmişdir. Qeyd edirik ki, paketdə yayımlanan proqramların sayı paytaxta və bölgələrə görə dəyişir. Məsələn, paytaxtda yayımlanan paketin tərkibində 12 TV proqram olduğu halda, hansısa digər bölgənin ərazisində bu rəqəm 9 ola bilər və s.